Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
ŞƏRH
Professor : Azərbaycan Avropaya sülhün, suverenliyin və siyasi ləyaqətin dərsini verir
05.05.2026.
Professor : Azərbaycan Avropaya sülhün, suverenliyin və siyasi ləyaqətin dərsini verir
Bakı, 5 May.
“Avropa Siyasi Birliyi”nin Ermənistanda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevin videobağlantı formatında iştirakı protokol çərçivəsini aşan, Cənubi Qafqazın yeni siyasi reallıqlarını dünyaya nümayiş etdirən tarixi hadisə kimi qiymətləndirilməlidir. Bu çıxış Azərbaycanın müharibədən sonrakı mərhələdə formalaşdırdığı sülh arxitekturasının, dövlətçilik iradəsinin və strateji uzaqgörənliyinin açıq manifesti oldu.
Bu fikirləri açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin nitqində əsas xətt son dərəcə aydın idi. Azərbaycan qalib dövlət kimi intiqam və revanşist siyasət aparmır, əksinə bölgədə davamlı sülhün, nəqliyyat bağlantılarının, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın qurulması üçün real addımlar atır. Bu yanaşma yalnız diplomatik ritorika səviyyəsində qalmır. Azərbaycanın Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması, Azərbaycan ərazisi vasitəsilə Ermənistana minlərlə ton yükün çatdırılması, həmçinin benzin və dizel yanacağının ixracına başlanılması sülhün praktiki müstəvidə qurulduğunu göstərir. Burada ən mühüm məqam Azərbaycanın sülhü zəiflikdən deyil, gücdən təklif etməsidir. Bu gün Bakı regionda nizama salan, sistem quran, strateji gələcək inşa edən siyasi mərkəz kimi çıxış edir. Prezident İlham Əliyevin 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünü Azərbaycanda keçirmək dəvəti də sadə ev sahibliyi təşəbbüsündən daha geniş məna daşıyır. Bu dəvət Azərbaycanın Avropa siyasi məkanında artan nüfuzunun və regionda sülhün əsas təminatçısına çevrilməsinin rəmzidir.
A.Attar qeyd edib ki, Ermənistanın da Azərbaycanın namizədliyini dəstəkləməsi yeni mərhələnin siyasi psixologiyasını nümayiş etdirir: “Uzun illər müharibə, işğal və qarşıdurma üzərində qurulan münasibətlər artıq diplomatik qarşılıqlı tanınma, praqmatizm və regional məsuliyyət mərhələsinə daxil olur. Prezidentin də vurğuladığı kimi, iki xalq hələ cəmi doqquz aydır sülh şəraitində yaşayır və sülhdə yaşamağı öyrənir. Bu yanaşma Azərbaycan rəhbərliyinin prosesə realist münasibətini göstərir. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə, sülh sazişinin paraflanması və “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun gündəmə gəlməsi Cənubi Qafqazı yeni geoiqtisadi xəritəyə daxil edir. Bu marşrut Azərbaycanın Naxçıvanla əlaqəsini gücləndirməklə yanaşı, Orta Dəhlizin strateji əhəmiyyətini artırır və ölkəmizi Avrasiya nəqliyyat və enerji sisteminin əsas halqalarından birinə çevirir”.
Professor bu proseslərin fonunda bəzi Avropa institutlarının davranışının da ciddi suallar doğurduğunu bildirib: “Prezident İlham Əliyevin Avropa Parlamenti və AŞPA ilə bağlı səsləndirdiyi fikirlər tam əsaslıdır. Azərbaycanın ərazi bütövlüyü 30 il ərzində beynəlxalq hüququn kağız üzərində qalmış prinsipi kimi saxlanıldı. Azərbaycan isə 2020-ci və 2023-cü illərdə öz suverenliyini, konstitusion nizamını bərpa etdi. Buna görə ölkəmizin tənqid hədəfinə çevrilməsi siyasi qərəzdir. Avropa Parlamentinin son illərdə Azərbaycanla bağlı çoxsaylı qətnamələr qəbul etməsi obyektivlikdən uzaq yanaşmanın göstəricisidir. Avropanın öz daxilində ciddi problemlər mövcud olduğu halda Azərbaycanın sistemli şəkildə hədəfə alınması diqqət çəkir. Bu cür addımlar sülh prosesinə töhfə vermir, əksinə, onu zəiflətməyə çalışan qüvvələrə stimul yaradır”.
Aygün Attar vurğulayıb ki, Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması ilə bağlı qərarı dövlət ləyaqətinin müdafiəsi kimi qiymətləndirilməlidir. Azərbaycan heç bir beynəlxalq platformada təhqir və ikili standartları qəbul etməyəcək qədər güclü dövlətdir. “Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan beynəlxalq hüququn bərpası, sülhün qurulması və qalib dövlətin məsuliyyətli davranışı baxımından nümunədir. Bakı bu gün regionda sülhün memarıdır. Prezident İlham Əliyevin çıxışı isə bu siyasətin strateji istiqamətini və mənəvi əsaslarını dünyaya təqdim etdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın müsbət mesajları, Antonio Koştanın bu prosesi “Avropada sülh hekayəsi” kimi qiymətləndirməsi, həmçinin Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karni tərəfindən verilən dəstək beynəlxalq ictimaiyyətin yeni reallığı qəbul etməyə başladığını göstərir”,- deyən professor sonda qeyd edib ki, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın Qələbəsini yeni regional nizamın başlanğıcı kimi təqdim edir və bu nizamın əsasını suverenlik, qarşılıqlı tanınma, iqtisadi əməkdaşlıq və siyasi məsuliyyət təşkil edir.