Moskva, 5 May.
Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq idarəsinin xüsusilə mühüm işlərin təhqiqatı üzrə Dördüncü şöbəsinin rəisi ədliyyə mayoru Yaroslav Kuzvesov işdən çıxarılıb.
Bu barədə “E1.ru” məlumat yayıb. Qeyd olunur ki, daha əvvəl, aprelin 14-də onun vəzifəsi aşağı salınıb və sıravi müstəntiq ranqına keçirilib. Kuzvesov Yekaterinburqdakı Azərbaycan diasporunun üzvləri, o cümlədən Şahin Şıxlinski ilə bağlı işi təhqiq edirdi.
Rusiyanın bəzi “Telegram” kanalları onun işdən çıxarılmasını bu cinayət işi ilə əlaqələndirir. Kuzvesovun istefası Rusiyanın Azərbaycana təqdim etmək istədiyi dəlillərin toplanması və cinayət işlərinin baxılması üzrə çatışmazlıqlar, habelə prosedur pozuntuları ilə əlaqələndirilir. Lakin bu məlumatın rəsmi təsdiqi yoxdur.