Bakı, 6 May.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Georgi İakobaşvili arasında görüş keçirilib.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Qeyd edilib ki, ötən ilin avqust ayından etibarən Gürcüstanın qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin tanınması iki ölkə arasında ticarət münasibətlərinin genişlənməsinə mühüm töhfə verib. Bu qərar Gürcüstanda fəaliyyət göstərən yüksəkriskli qida məhsulları istehsal edən müəssisələrin əlavə qiymətləndirmə prosedurlarından keçmədən Azərbaycana ixrac imkanlarını artırıb.
Tərəflər qida məhsullarının idxal, ixrac və tranzit daşınmalarına nəzarətin daha səmərəli təşkili, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Georgi İakobaşvili iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi və institusional əlaqələrin möhkəmləndirilməsi üzrə gələcək addımlar müəyyənləşdirilib.