
Ermənistan işğal illərində Qarabağ və ətraf rayonların ərazilərində təbii resursların, tarixi, milli, dini mədəniyyət nümunələrinin qanunsuz talanması, ekologiyaya ziyan vurulması, talan edilməsi, infrastrukturların dağıdılması kimi cinayətləri həyata keçirib. Bundan başqa, heç şübhəsiz, Ermənistan ən böyük cinayətlərdən birinə - ərazilərimizin sistemli şəkildə minalanması terroruna da imza atıb. Minaların basdırılmasının digər bir neçə məqsədi isə mümkün qədər çox sayda azərbaycanlının qətlinə nail olmaq, azad edilən ərazilərimizə əhalinin qayıdışını maksimum uzatmaq və sair məsələlərdir. Otuz ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinin böyük bir hissəsini, xüsusilə mülki əhalinin istifadəsi üçün nəzərdə tutulan yolları və əraziləri minalaması hərbi cinayətdir. İşğaldan azad etdiyimiz ərazilərdə Ermənistanın saldığı “mina tarlaları” 800 min azərbaycanlı məcburi köçkünün həyatını təhdid edir. Bu, həm də öz yurd-yuvalarına qayıtmaq arzusunda olan yaşlı insanlara qarşı da mənəvi terrordur.
Bu sözləri açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva söyləyib.
O bildirib ki, Azərbaycan tərəfi dəfələrlə həm müharibədən əvvəl, həm də savaş bitdikdən sonra postmünaqişə dövründə Ermənistandan mina xəritələrini tələb edib. Lakin müxtəlif bəhanələrlə mina xəritələrini verməkdən boyun qaçıran İrəvan azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsinin səbəbkarıdır.
Vətən müharibəsinə qədərki dövrdə ermənilər tərəfindən bir nəfərin belə minaya düşməsi haqqında məlumat nə yerli erməni mediasında, nə də beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmayıb. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın torpaqlarını talan edən düşmən onlarda xəritələr olduğu üçün mina qurbanına çevrilməyib. Eyni zamanda, işğal müddətində həyata keçirilən dağıntı və ərazilərin talan edilməsi ilə ermənilər barbarlıqlarını sübuta yetiriblər.
Xeyli azərbaycanlı mülki əhalinin minadan zərər görməsindən sonra beynəlxalq təzyiq nəticəsində Ermənistan mina xəritələrinin kiçik bir qismini ölkəmizə təqdim etmişdi. Lakin onun da dəqiqlik faizi olduqca aşağı idi. Bu da vasitəçilik edən Gürcüstanın, ABŞ-ın və eləcə də digər tərəflərin aldadılması demək idi. Bundan əlavə, istər işğal illərində, istərsə də son iki ildə Qarabağda və ətraf rayonlarımızda Azərbaycanın hərbi və mülki şəxslərinin, hətta bir sülhməramlı hərbçinin minaya düşməsində Ermənistan dövləti məsuliyyət daşıyır.
“Hər il aprel ayının 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım günü kimi qeyd olunur. Bu gün ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasında elan edilib və hər il qeyd olunur. İyirmi ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizlənməsi Xidməti (UNMAS) mülki insanların, sülhməramlılar və humanitar işçilər də daxil olmaqla, partlayıcı qurğularla həyatı təhlükə altında olan insanların ehtiyacları məsələləri ilə məşğuldur. Onu da qeyd etməliyəm ki, Birləşmiş Millətlər Təşkilatının yarandığı gündən etibarən çoxtərəfli tərksilah və silahların məhdudlaşdırılması məqsədlərində təşəbbüsləri, beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq səyləri BMT-də mərkəzi yeri tutur. Bu gün üçün BMT-nin 164 ölkəsi 1997-ci ildə qəbul olunmuş “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılmasının, istehsalının və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya”sını qəbul edib və ya daxili qanunvericilikləri səviyyəsində ratifikasiya edib. Eyni zamanda, Ermənistan da bu konvensiyanı qəbul edib və daxili parlament səviyyəsində ratifikasiya edib. Amma Ermənistan bu konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etmir”, - deyə politoloq vurğulayıb.
Y.Hacıyeva deyib ki, Azərbaycan problemin həlli istiqamətində təkcə öz maraqlarına uyğun çalışmır. Eyni zamanda, problemin həlli istiqamətində qlobal səviyyədə də həll yollarını təklif edir. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci maddəsinə minalarla bağlı məsələnin əlavə edilməsi təşəbbüsü ilə çıxış edib. Müraciətdə piyada əleyhinə minalar problemi və onun acı nəticələri vurğulanıb. Bu təşəbbüslər həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək dəstək aldı. Azərbaycan üzləşdiyi bu problemlərin həlli yollarını tapmaqdan başqa, öz təcrübəsinin digər analoji vəziyyətlə üzləşmiş ölkələr üçün də faydalı olması yollarını axtarır.