Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Masallıda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin icra etdiyi “Kənd yerlərində qadın hüquqlarının qorunması” layihəsinin növbəti tədbiri keçirilib.
Növbəti seminar Masallı şəhərində təşkil edilib. Masallıda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri Nərgiz Muxtarova layihənin donoru və məqsədləri haqqında iştirakçılara məlumat verib. O bildirib ki, layihə çərçivəsində Masallı rayonunun 5 fərqli ərazisində qadınların hüquqları ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilir. Artıq Şərəfə və Mahmudavar kəndlərində icra edilmiş layihə bu gün Masallı şəhərində reallaşdırılır. Növbəti seminarlar Ərkivan və Hişkədərə ərazilərində təşkil ediləcək.
Sonra layihənin eksperti Afiq Məlikov ölkəmizdə qadınların hüquqi öhdəlikləri, kənd yerlərində gender stereotipləri, gender bərabərliyi, gender təhsili barədə məlumat verib.
Seminarda fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.