Bakı, 4 sentyabr.
Dövlət İmtahan Mərkəzi iyulun 15-də elan olunmuş ümumi müsahibələrin keçirilmə qrafikini təqdim edib. Elan üzrə 107 dövlət orqanında mövcud olan 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.
Mərkəzdən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə namizədlərlə 1798 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatında “YAŞAT” Fondu ilə iş şöbəsində baş məsləhətçi (1 vakant yer üzrə 63 namizəd), Dövlət Turizm Agentliyinin Aparatında Dövlət qulluğu və insan resurslarının idarə edilməsi şöbəsinin İnsan resurslarının idarə edilməsi sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 42 namizəd) vəzifələri üzrə qeydə alınıb.
Müsahibələrin sentyabrın 14-dən oktyabrın 29-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı Mərkəzin saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.