Bakı, 3 mart.
Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sonuncu əməliyyat nəticəsində Ruhin Mürşüdov və tanışı olan bir nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq tiryək və marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.