Bakı, 2 mart.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən
verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 210 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Nəticədə dam örtüyünün yanar konstruksiyaları 210 kvadratmetr və evin yanar hissələri 100 kvadratmetr sahədə yanıb, 5 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.