Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Polkovnik Cəlil Xəlilov: Milli media xalqımızın dostu, dövlət maraqlarının etibarlı müdafiəçisidir
22.07.2024 [12:10]
Polkovnik Cəlil Xəlilov: Milli media xalqımızın dostu, dövlət maraqlarının etibarlı müdafiəçisidir
Bakı, 22 İyul.
Azərbaycan mediası tarixin bütün həlledici məqamlarında milli maraqlara, dövlətçilik maraqlarına sədaqətli olub, antimilli qüvvələrin ifşa edilməsində, dezinformasiyaların və informasiya məkanında törədilən digər təxribatların qarşısının alınmasınmda fəallıq nümayiş etdirib. Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsində mediamızın fədakarlığına bir daha şahid olduq. Müharibə dönəmində milli mediamız Azərbaycan Silahlı Qüvvələri ilə tam həmrəylik nümayiş etdirdi. Ordumuz hərb meydanında düşmənlə savaşanda jurnalistlərimiz də media cəbhəsində döyüşür, düşmənin media və sosial şəbəkələrdə təxribatlarını uğurla ifşa edirdi. Bu mənada deyə bilərik ki, 8 Noyabr Zəfərinin əldə edilməsində mediamızın da rolu danılmazdır.
Bu fikirləri açıqlamada Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Müsahibimiz qeyd edib ki, 2-ci Şuşa Qlobal Media Forumunda dövlətimizin başçısı da medianın rolunu yüksək qiymətləndirib: “Forumda Prezident İlham Əliyev milli mediamızın fəaliyyətini təqdir etdi, jurnalistlərimin öz peşəsinə sədaqətlə yanaşdığını vurğuladı. Dezinformasiyaların qarşısının alınmasında onların xidmətlərini yüksək qiymətləndirdi.
Dövlətimizin başçısının mediamızın mövcud durumu, peşəkarlığı, hadisə və proseslərə çevik reaksiyası ilə bağlı səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan mediası sürətlə inkişaf etməkdə, öz peşəkarlığını artırmaqdadır. Onun media ilə bağlı fikirləri jurnalistlərə, onların fəaliyyətinə verilən ən yüksək qiymət hesab oluna bilər.
“Jurnalistlər veteranların da dostudur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinin işıqlandırılmasında onların böyük rolu var. 22 İyul – Mili Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, mediamız bundan sonra da milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, düşmən qüvvələrin informasiya müstəvisindəki təxribatlarını qətiyyətlə ifşa edəcək”, - deyə polkovnik bildirib.